Super Liqanın 15-ci turunda “Trabzonspor” Qaziantep səfərinə yollanıb. Burada yerli komandanın qonağı olan “Qara dəniz fırtınası” etimadları doğruldub. İlk hissədə hər iki tərəf hesabı açmağa cəhd göstərsə də səylər nəticəsiz qalıb. Fasilədən dərhal sonra Abdullah Avcının futbolçuları rəqib qapısına yol tapıblar. Trezege Trabzon azarkeşlərini sevindirib. Az sonra Anastasios Bakasetas fərqi iki topa çatdırıb. 76-cı dəqiqədə Trezege dubl müəllifi olaraq növbəti dəfə rəqibi mərkəzə dəvət edib. Sonuncu qoldan 3 dəqiqə sonra “Qaziantep” komandası buraxılan toplardan birinin cavabını verib. Denis Draqus görüşdə vurulan sonuncu qolun müəllifi olub: “Qaziantep” – “Trabzonspor” 1:3. Xallarının sayını 26-ya çatdıran “Trabzonspor” 4-cü pilləyə yüksəlib. Aktivində 15 xalı olan “Qaziantep” 15-ci yerdədir.
Milli komandamızın hücumçusu Renat Dadaşovun da çıxış etdiyi “Hatayspor” klubu İstanbulda yerli “Başakşəhər” kollektivi ilə üz-üzə gəlib. Start heyətdə meydana çıxan Dadaşov komadasının hücumlarında fəallıq göstərsə də səyləri nəticə verməyib. “Başakşəhər” futbolçuları ilk hissədə Mehri Abidin vurduğu qolla irəli keçərək lazımi nəticəni sonadək qoruyublar. Amma əsas vaxta artırılan dəqiqələrdə “Hatayspor” penalti vurmaq hüququ qazanıb. Millimizin üzvü ələ düşən fürsəti dəyərləndirə bilməyib. Beləliklə qarşılaşma minimal hesabla başa çatıb: “Başakşəhər” – “Hatayspor” 1:0.