Milli Olimpiya Komitəsinin idman yekunlarına həsr olunmuş təntənəli “Olimpiya gecəsi” mərasimi keçirilib. 

Tədbirdə dövlət rəsmiləri, idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə  ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə 2023-cü ilin Azərbaycan idmanı üçün uğurla keçdiyini deyib. Çingiz Hüseynzadə bunun səbəbinin ölkə başçısı İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi və fəaliyyəti ilə bağlı olduğunu diqqətə çatdırıb. Ardınca Avropa Olimpiya Komitələrinin və Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosun videoformatda təbriki olub. Daha sonra müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. "İdman TV" ilin ən aktiv telekanalı nominasiyası üzrə fərqlənib. Milli Olimpiya Komit’sinin vitse-prezidenti, atıcılıq üzrə Olimpiya çempionu Zemfira Meftəhəddinova mükafatı "İdman TV"nin direktoru Rövşən Binnətliyə təqdim edib. Bundan başqa, Azərbaycan Cüdo Federasiyası "Qızlara ağ yaraşır" sosial layihəsi ilə ilin ən yaradıcı, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilin ən aktiv idman qurumu adına layiq görülüb. İlin ən aktiv qadın idmançısı adını qadın güləşçi Mariya Stadnik, ilin ən aktiv kişi idmançısı adını isə veteran cüdoçu Rüstəm Orucov qazanıb. Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və digər tanınmış idman xadimləri təqdim ediblər.