İspaniyanın “Real” Madrid klubu qış transfer pəncərəsi dönəmində heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

“Kral klubu”nun hədəfindəki şəxs isə “Qalatasaray” klubunda çıxış edir. Türkiyə mətbuatının verdiyi xəbərə görə Madrid təmsilçisi “sarı qırmızılar”ın argentinalı forvardı Mauro Emmanuel İkardi üçün təklif göndərib. “Qalatasaray”ın PSJ-dən 10 milyon avro transfer qiyməti ödəyərək heyətinə cəlb etdiyi İkardi üçün “Real” Madrid 15 milyon avro ödəməyə hazırdır. İstanbul klubunda ilinə 6 milyon avro məvacib qazanan Mauronun maaşının İspaniyada nə qədər olacağı isə hələlik açıqlanmayıb. Karlo Ançelottinin bu addımı atmasında səbəb isə “Real” Madridin əsas heyət oyunçularının – yəni Vinisius Junior, Eduardo Kamavinqa, Naço Fernandez, Aurelien Tçuameni, Cud Bellingem, Dani Sebalyos, Tibu Kurtua, Eder Militao və Kepa Arrizabalaqanın zədəli olmasıdır.