Basketbol üzrə Avroliqada 8-ci tura start verilib.

Müntəzəm çempionatda keçirdiyi bütün oyunlarda qalib gələn “Real Madrid” növbəti dəfə azarkeşlərini sevindirib. Xesus Mateonun komandası bu tur səfərdə “Valensiya”nın öhdəsindən gəlməyi bacarıb. Hərçənd ilk hissədə madridlilər rəqibinin ciddi müqaviməti ilə üzləşib. Amma fasiləyə 6 xal fərqilə geridə yollanan “Kral klubu” 3-cü bölümdən etibarən vəziyyəti xeyrinə dəyişə bilib. Buna baxmayaraq, matçın sonlarına qədər meydan sahibləri hazırkı çempiona çətin anlar yaşada bilib. Ancaq argentinalı basketbolçular Qabriel Deklə Fakundo Kompatsonun məhsuldarlığı “Real”ın işinə yarayıb. Beləliklə də, “Valensiya”nı 76:73 hesabı ilə məğlub edən “Real Madrid” bütün turnirlər də daxil olmaqla ardıcıl 19-cu qələbəsini qazanıb.

“Anadolu Efes” də turu uğurla başa vurub. İstanbul klubu səfərdə “Monako” ilə görüşdə favorit sayılmasa da, 25 xal toplayan Şeyn Larkinin məhsuldarlığı və həlledici məqamlarda inamlı oyunu qardaş ölkənin komandasının işinə yarayıb. “Anadolu Efes”in heyətində 25 xal toplayan fransalı basketbolçu Rodriq Bebua da qələbədə böyük pay sahibi olub. Nəticədə “Monako”nu 89:82 hesabı ilə məğlub edən “Anadolu Efes” bu mövsüm Avroliqada ilk səfər qələbəsini qazanıb. Türkiyənin digər təmsilçisi “Fənərbağça” isə Belqradda ümidləri doğrultmayıb. “Srvena Zvezda” ilə görüşün İlk hissəsində rəqibinin ciddi müqaviməti ilə üzləşən istanbullular fasilədən sonra da imkanlarından aşağı səviyyədə çıxış edib. Yekunda “Srvena Zvezda”ya 56:87 hesabı ilə uduzan “Fənərbağça” bu mövsüm ikinci dəfə Serbiyanın paytaxtında uğursuzluqla üzləşib. Xatırladaq ki, 1 həftə əvvəl “Fənər” Belqradda “Partizan”la bacara bilməmişdi. Günün digər oyunlarında “Olimpiakos” səfərdə Təl-Əviv “Makkabi”sini 79:74, “Virtus Bolonya” isə İtaliya derbisində “Olimpiya Milano”nu 86:79 hesabı ilə məğlub edib.