Basketbol üzrə Avroliqada 6-cı tura yekun vurulub. Mövsümə uğursuz başlayan “Anadolu Efes” növbəti dəfə azarkeşlərini məyus edib. Qardaş Türkiyə təmsilçisi səfərdə “Virtus Bolonya” ilə bacarmayıb. Hərçənd ilk hissədə istanbullular inamlı təsir bağışlayıb və fasiləyə 4 xallıq üstünlüklə yollanıb. Oyunun 3-cü bölümündə meydan sahbiləri vəziyyəti xeyrinə dəyişib. Xüsusən də İtaliya klubunun heyətində 19 xal toplayan Tornike Şengeliya istanbulluları çətin vəziyyətə salıb. Beləliklə də, “Anadolu Efes”i 93:81 hesabı ilə məğlub edən “Virtus” bütün turnirlər daxil olmaqla ardıcıl 9-cu qələbəsini qazanıb.
Turnirin favoritiərindən “Barselona” azarkeşlərini sevindirib. “Palau blauqrana”da “Panatinaikos”u qəbul edən kataloniyalılar artıq ilk hissədən rəqibi üzərində böyük üstünlük qurub. İspaniya təmsilçisi ikinci hissədə də məhsuldarlığını davam etdirib. Yekunda “Barselona” “Panatinaikos”u 80:72 hesabı ilə məğlub edib. Yeri gəlmişkən, bu “Barsa”nın afinalılar üzərində ardıcıl 10-cu qələbəsidir. Günün ən dramatik oyunu İspaniyanın Vitoriya şəhərində qeydə alınıb. Bərabər mübarizə şəraitində keçən oyunda “Baskoniya” “Partizan”ı 84:83 hesabı ilə məğlub edib. Beləliklə də, 6 turdan sonra “Real Madrid”, “Barselona”, “Virtus Bolonya” “Fənərbağça” və “Valensiya” 5 qələbə ilə turnir cədvəlinə başçılıq edir. Qeyd edək ki, “Real” rəqiblərindən bir oyun az keçirib.