Basketbol üzrə Avroliqada 6-cı turun oyunlarına start verilib. Çempionatın liderlər qrupunda qərarlaşan “Fənərbağça” ilə “Olimpiakos” İstanbulda üz-üzə gəlib. Artıq ilk bölümdən rəqibini çətin vəziyyətə salan “sarı-lacivərdlilər” fasiləyə 13 xallıq üstünlüklə yollanıb. İkinci hissədə pireylilər oyuna nəzarəti ələ keçirib. Buna baxmayaraq, Türkiyə təmsilçisi çətinliklə də olsa, qələbə hesabını qoruya bilib. Beləliklə də “Olimpiakos”u 79:77 hesabı ilə məğlub edən “Fənərbağça” bütün turnirlər də nəzərə alınmaqla ardıcıl 7-ci qələbəsini qazanıb.
Turun ən böyük sensasiyası isə Kaunasda qeydə alınıb. İlk 5 turda keçirdiyi bütün oyunlarda uduzan “Lion Villerban” “Jalgiris”i 91:88 hesabı ilə məğlub edib. Hərçənd oyunun 4-cü bölümünə qədər litvalılar meydanda daha inamlı təsir bağışlayıb. Amma son hissədə 8 xal toplayan meydan sahibləri azarkeşlərini məyus edib. “Jalgiris”in heyətində 21 xal toplayan Tomas Dimsa matçın ən məhsuldar oyunçusu olsa da, bu ümumi nəticəyə təsir göstərməyib. Çempionatın liderlərindən “Valensiya” isə doğma meydanda “Alba Berlin”i 79:71 hesabı ilə məğlub edib. İlk 3 bölümdə almanlar güclü rəqibinə layiqli müqavimət göstərsə də, matçın sonuna yaxın nəzarəti əldən veriblər. Almaniyanın digər komandası “Bayern” də turu məğlubiyyətlə başa vurub. Münxenlilər səfərdə “Srvena Zvezda”ya 68:74 hesabı ilə uduzublar. “Monako” İtaliyada “Olimpiya Milano”dan 72:66 hesabı ilə üstün olub.