Premyer Liqanın 9-cu turuna yekun vurulub.

Sonuncu oyun günündə liderlik uğrunda mübarizə aparan “Tottenhem” öz meydanında “Fulhem” futbolçuları ilə üz-üzə gəlib. Mövsümün əvvəlindən məğlubiyyət nədir bilməyən London klubu yenə də azarkeşlərini sevindirib. Komanda rəqibindən 2 top fərqi ilə üstün olub. İlk dəqiqələrdən fəallığı ilə seçilən meydan sahibləri hesabı hissənin ortalarında açıblar. 36-cı dəqiqədə əla hərəkətlə 2 müdafiəçidən yayınan Son Hın-Min topu “9-luğ”a vurub. Fasiləyə minimal hesabla üstün yollanan “Tottenhem” ikinci hissədə də rəqibə çətin anlar yaşadıb. 54-cü dəqiqədə “Fulhem” futbolçuları ikinci dəfə mərkəzə dəvət olunub. Ceyms Medison yekun nəticəni müəyyənləşdirib. “Tottenhem” – “Fulhem” 2:0. Bununla da xallarının sayını 23-ə çatdıran “Tottenhem” 9 turdan sonra Premyer Liqada liderliyə yüksəlib. 11 xalı olan “Fulhem” 12-cidir. Liderdən 2 xal fərqi ilə geri qalan “Mançester Siti” və “Arsenal” isə müvafiq olaraq ikinci, üçüncü pillələri bölüşür.