Çində kişi tennisçilər arasında keçirilən "Shanghai Masters" turnirində 1/8 final mərhələsinə start verilib.

ATP siyahısının 4-cüsü Yannik Sinner Ben Şeltonla üz-üzə gəlib. Oyuna daha yaxşı başlayan Sinner rəqibinin iki servis oyununda xal qazanaraq ilk seti aktivinə yazdırıb. Lakin italiyalı tennisçi üstünlüyünü qoruya bilməyib. Əzmkarlıq nümayiş etdirən Şelton ardıcıl iki hissədə qalib gələrək Yanniki mübarizədən kənarlaşdırıb - 2:6, 6:3 və 7:6. Amerika Birləşmiş Ştatları təmsilçisinin 1/4 finaldakı rəqibi Fransisko Çerundolunu məğlub edən Sebastyan Korda olacaq.

"Shanghai Masters"in 8 nömrəsi Kasper Ruud da yarışla erkən vidalaşıb. Norveçli raketka ustası Fabian Marojanla qarşılaşıb. İlk setin qalibi tay-breykdə müəyyənləşib. Marojan hesabda önə çıxıb. İkinci hissədə iki dəfə breyk edən və servis oyunlarında səhvsiz oynayan Ruud matçda tarazlığı bərpa edib. Lakin 24 yaşlı tennisçinin bundan artığına gücü çatmayıb. Həlledici - üçüncü setdə qələbə qazanan Marojan mərhələ adlayıb - 7:6, 3:6 və 6:4. Macarıstan idmançısı 1/4 finalda Çjan Çjiçjeni məğlub edən Hubert Hurkaçla üz-üzə gələcək.