UEFA Avropa Liqasındakı yeganə təmsilçimiz “Qarabağ” bu gün İsveçdə yerli “Hakken” klubu ilə qarşılaşacaq. “Qarabağ” ilk turda Norveçin “Molde” klubunu minimal hesabla məğlub etmişdi. Yeganə qolu Leandro Andrade vurmuşdu. “Hakken” isə səfərdə “Bayer Leverkuzen”ə 4:0 hesabilə uduzmuşdu. Oyundan əvvəl keçirilən mətbuat konfransında çıxış edən baş məşqçi Qurban Qurbanov isveçli jurnalistin təxribat xarakterli sualına belə cavab verib: “Hamı bilirdi ki, biz öz torpaqlarımızda rahat yaşaya bilmirdik. Bu gün ordakı insanlar öz ölkələrinə gedirlər. Azərbaycanlılar doğma torpaqlarına qayıdırlar. Digər ölkənin nümayəndələri çox yaxşı yola salınır. Rahat şəkildə onlara şərait yaradılır, kömək edilir. Hamı bilir ki, biz özümüzü daha yaxşı hiss edirik, çünki torpaqlarımız qayıdıb. “Qarabağ” Azərbaycandır, Azərbaycanın olub”.

 Təcrübəli mütəxəssis İsveç təmsilçisinin özünəməxsus oyun tərzi olduğunu və nəticə üçün meydanda sona qədər mübarizə aparacaqlarını bildirib. Qurban Qurbanov qarşıya qoyulan  əsas məqsədin qələbə olduğunu lakin qazanılacaq 1 xalı da sərfəli nəticə hesab etdiyini söyləyib. İsveç klubunun baş məşqçisi Per Matias Höqme Qarabağı daha təcrübəli komanda adlandırıb. O, eyni zamanda bu görüşə yaxşı hazırlaşdıqlarını və azarkeşləri maraqlı oyunun gözlədiyini vurğulayıb. Qeyd edək ki, “Hakken” – “Qarabağ” matçı bu gün saat 23:00-da başlanacaq.