Türkiyə Super Liqasında 3-cü turdan təxirə salınan qarşılaşma keçirilib.
“Atatürk” Stadionunda “Fənərbağça” və “Başakşəhər” komandaları üz-üzə gəlib. Bundan əvvəl çıxdığı 5 qarşılaşmanın hamısında qələbə qazanan “Fənərbağça” bu dəfə də azarkeşlərini sevindirib. İstanbul klubu qapısını toxunulmaz saxlayaraq qalib gəlib. İlk hissədə 3 qol vurulub. 5-ci dəqiqədə komandanın yeni transferi Aleksandr Djiku “Fənərbağça”dakı ilk qolunu vurub. Az sonra fərq artıb. Leonardo Duarte topu öz qapısından keçirərək meydan sahiblərinin işini asanlaşdırıb. 20-ci dəqiqədə Sebastyan Şimanski 3-cü dəfə rəqibi mərkəzə dəvət edib. Polşalı yarımmüdafiəçi ikinci hissədə daha bir qol vuraraq özünün ikinci, komandasının isə 4-cü qolunu rəsmiləşdirərək görüşün yekun nəticəsini müəyyənləşdirib: “Fənərbağça” – “Başakşəhər” 4:0. Beləliklə, 6 turdan sonra maksimum xal toplayan “Fənərbağça” yenidən liderliyə yüksəlib. Ondan 2 xal az toplayan “Qalatasaray” ikincidir. İlk üçlüyü 11 xalla “Adana Dəmirspor” tamamlayır.