Futbol üzrə Almaniya kubokunda ilk mərhələnin daha bir görüşü keçirilib.
Yarışın 20 qat qalibi "Bayern" səfərdə 3-cü divizion təmsilçisi "Proyssen Münster”lə qarşılaşıb. Görüş Münxen klubunun üstünlüyü şəraitində keçib. Oyunda ilk qol 9-cu dəqiqədə vurulub: Erik Maksim Şupo-Motinq "Bayern"i hesabda önə çıxarıb. Hücumlarını davam etdirən qonaqlar 40-cı dəqiqədə fərqi artırıb. Konrad Laymer diqqət mərkəzinə düşüb. Tomas Tuxelin komandası bununla da kifayətlənməyib. Birinci hissəyə artırılmış 5-ci dəqiqədə Bavariya təmsilçisinin heyətində ikinci oyununu keçirən Frans Kretsiq fərqlənib. Matça son nöqtəni isə Matis Tel qoyub. Fransız futbolçu 86-cı dəqiqədə Buna Sarrın ötürməsini lazımınca dəyərləndirib. Beləliklə, "Proyssen Münster”i 4:0 hesabı ilə məğlub edən "Bayern" mərhələ adlayıb.