Azərbaycan Premyer Liqasında 7-ci tur yekunlaşıb.

“Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gəlib. Qarşılaşmada favorit hesab olunan qonaqlar ilk 10 dəqiqə ərzində meydan sahiblərinin qapısına 2 dəfə yol tapıblar. Start fitindən 2 dəqiqə sonra Hamidu Keyta hesabı açıb. Çox keçmədən Nəriman Axundzadə fərqi artıraraq “Qarabağ”ın ikinci qolunun müəllifi olub. İlk hissənin sonlarında Ağdam klubu azlıqda qalıb. Kevin Medina birbaşa qırmızı vərəqə ilə cəzalanaraq meydandan kənarlaşdırılıb. İkinci hissə daha da gərgin keçib. 76-cı dəqiqədə Lukas Afriko buraxılan toplardan birinin əvəzini çıxaraq fərqi azaldıb. Görüşün sonlarında bu dəfə “Qarabağ”ın baş məşqçisi meydandan çıxarılıb. 4-cü hakimə sərt şəkildə etirazını bildirən təcrübəli mütəxəssis ikinci dəfə sarı vərəqə ilə cəzalanaraq texniki zonadan uzaqlaşdırılıb. Görüş bu hesabla başa çatıb: “Qəbələ” – “Qarabağ” 1:2. Bu nəticə ilə xallarının sayını 13-ə çatdıran “Qarabağ” ilk “üçlük”də qərarlaşıb. 4 xalı olan “Qəbələ” isə sonuncu pillədədir.