Qarabağ UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyununda Bakıda “Molde” ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdən əvvəl hər iki klubun baş məşqçisi media nümayəndələrinin önünə çıxıb. Əvvəlcə Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov fikirlərini açıqlayıb: ““Çox ciddi rəqibə qarşı oynayacağıq. Fikrimiz həm oyunda, həm də cəbhə bölgəsində olacaq. “Molde” son vaxtlar meydanda ən intizamlı oyun göstərən rəqiblərimizdən biridir. Boşluq verməyi xoşlamırlar. Üç il əvvəl qarşılaşdığımız “Molde” ilə indiki arasında mütləq fərq var. Futbolçuları indi daha inamlıdırlar”.

“Molde”nin baş məqçisi Erlinq Moe də media nümayəndələrinin önünə çıxıb. O, “Qarabağ”ın 3 il əvvəlki komanda ilə müqayisədə gücləndiyini deyib:“Qarabağ” 3 il əvvəl qarşılaşdığımız komanda ilə müqayisədə daha da güclənib. Bu komandanın tarixi ilə maraqlanmışam. Çox uğurlu baş məşqçisi var. Hər il inkişaf edən komandadır. Futbolda özünəinam ən önəmli amildir. Nəyisə inkişaf etdirmək üçün ilk növbədə özünə inam olmalıdır.  top bizdə olarkən fürsətlər yaratmağa, özümüz kimi olmağa çalışacağıq. Geriyə çəkilib müdafiədə oturmağı, əks-hücum futbolu sərgiləməyi planlaşdırmırıq. “Qarabağ”a qarşı mübariz oyun göstərəcəyik. Rəqib istər “Qalatasaray”, istərsə də “Qarabağ” olsun, məqsədimiz öz oyunumuzu göstərməkdir. Bakıya gəldikdə isə gözəl şəhəriniz var. Burda bir neçə gün vaxt keçirməyi planlaşdırırıq. Hava limanından gələrkən şəhəri seyr etdik. Məncə, paytaxtınızla qürur duya bilərsiniz”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlanacaq.