UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunlari keçirilib.
Azərbaycan çempionu “Qarabag” Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda “Olimpiya Lyublyana”nı qəbul edib. Sloveniyada rəqibinə 2:0 hesabı ilə qalib gələn komandamız doğma arenadakı qarşılasmaya yaxşı başlayıb. “Qarabağ” futbolçularının hücumları penalti ilə nəticələnib. 24-cü dəqiqədə Toral Bayramov 11 metrlik nöqtədən qapını dəqiq nişan alıb. Fasiləyə kimi tarazlıq bərpa olunub: Dieqo Koşta Pinto fərqlənib - 1:1.
Az sonra “Qarabağ”ın qapısına penalti təyin edilib. Amma VAR-a baxan hakim bu qərarını ləgv edib. Qeyd edək ki, qalan vaxtda her iki tərəfin qol vurmaq üçün bir neçə imkanı olub.
Amma tərəflərin səylərinə baxmayaraq qalan vaxtda qapılar toxunulmaz qalıb. Beləliklə görüş 1:1 hesabı ilə bitib. Bununla da ilk görüşdə 2:0 hesabı ilə qalib gələn “Qarabağ” 2 oyunun nəticəsinə görə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. “Olimpiya” isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.