Azərbaycan çempionatında 4-cü tura yekun vurulub. 3 oyunda qalib gələ bilməyən “Neftçi” nəhayət ki, azarkeşlərini sevindirib. “Ağ qaralar” öz meydanında “Qəbələ” ilə görüşüb. Adrian Mutunun komandası fasilə ərəfəsində hesabı açıb. Rəhman Hacıyev Bakı klubuna üstünlük qazandırıb. Hesabda öndə olan “Neftçi” 2-ci yarıda azlıqda qalıb. Rza Cəfərov qırmızı vərəqəylə cəzalanıb. Meydan sahibləri 10 nəfərlə oynasalar da, sona yaxın daha bir qol vurublar. Yuri Matias başla fərqlənərək yekun nəticəni müəyyənləşdirib. “Neftçi” – “Qəbələ” 2:0.
Çempion “Qarabağ” isə “Azərsun Arena”da “Kəpəz”i qəbul edib. “Köhlən atlar” erkən qol vurublar. 9-cu dəqiqədə Juninyonun qüvvətli zərbəsi qarşısıalınmaz olub. Fasiləyədək hesab dəyişməyib. “Kəpəz” futbolçuları böyük əzmkarlıq nümayiş etdirərək vaxtın bitməsinə 4 dəqiqə qalmış tarazlığı bərpa ediblər. Cavad Kərimovun başla zərbəsi dəqiq olub. Beləliklə ilk turda “Neftçi”ni minimal hesabla məğlub edən “Kəpəz” səfərdə “Qarabağ”la oyunda 1 xal qazanıb. Gəncə klubu hazırda 4 xalla 9-cudur. Qurban Qurbanovun komandası 7 xalla ilk 3-lüyü tamamlayır. Eyni miqdarda xal toplayan “Sumqayıt” 2-ci, 4 oyunda 12 xal toplayaraq maksimum nəticə göstərən “Zirə” liderdir.