UEFA Konfrans Liqasında pley-ofun ilk oyunları olub. Türkiyə klublarından “Fənərbağça” İstanbulda “Tvente”ni qəbul edib.
Oyun meydan sahibləri üçün yaxşı başlamayıb. 20-ci dəqiqədə Manfred Uqalde “fənər”in qapısına yol tapıb. Lakin Türkiyə klubu tezliklə hesabı bərabərləşdirib. Ceyden Ostervolde diqqət mərkəzinə düşüb. Fasilə ərəfəsində “Tvente” daha bir uğursuzluğa məruz qalıb. Niderland klubunun heyətində Yuri Reger qırmızı vərəqəylə cəzalanıb. İlk hissə 1:1 hesabilə başa çatıb. “Fənərbağça” fasilədən sonra ardıcıl qollar vuraraq inamlı qələbəni təmin edib. Saatın tamamında Sebastyan Şimanski Türkiyə klubunu irəli keçirib. Daha sonra İrfan Can Kahveci 10 dəqiqəyə dubl edib. Nəhayət görüşün sonuna yaxın Duşan Tadiç qonaqların qapısına təyin olunan penaltini dəqiq yerinə yetirərək mübarizəyə nöqtə qoyub: “Fənərbağça” – “Tvente” 5:1.
“Dinamo Kiyev” – “Beşiktaş” oyunu daha gərgin alınıb. Fasilə ərəfəsində Vensan Abubakar 11 metrlik zərbəni dəqiq yerinə yetirərək hesabı açıb. İlk hissə minimal hesabla başa çatıb. 60-cı dəqiqədə Nikolay Şaparenko tarazlığı bərpa edib. Az sonra Omar Kolli “Beşiktaş”ı növbəti dəfə önə çıxarıb. Lakin “Qara qartal” yenə üstünlüyü əldən verib. Nazar Voloşin hesabı 2:2 edib. Şenol Günəşin komandası final fitinə saniyələr qalmış 3-cü qolu vuraraq qələbəni təmin edib. Baxtiyor Zaynutdinov yekun nəticəni müəyyənləşdirib: “Dinamo” Kiyev – “Beşiktaş” 2:3.