Azərbaycanı avrokuboklarda təmsil edən yeganə komanda “Qarabağ” UEFA Avropa liqasının pley-ofunda ilk oyuna çıxıb.
Ağdam futbolçuları Sloveniyanın paytaxtı Lyublyanada “Olimpiya”nın qonağı olublar. 32-ci dəqiqədə “köhlən atlar” üstünlük qazanıb. Kevin Medina küncdən zərbə zamanı ötürülən topu meydan sahiblərinin qapısından keçirib. 37-ci dəqiqədə Redon Cica 2-ci topu rəqibin qapısına vursa da, qol ofsayda görə sayılmayıb. “Qarabağ” 44-cü dəqiqədə istəyinə çatıb. Bu dəfə Leandro Andrade qapını dəqiq nişan alıb. Beləliklə Qurban Qurbanovun komandası ilk yarını 2:0 hesabilə öndə tamamlayıb. Fasilədən sonra komandaların bütün cəhdlərinə baxmayaraq başqa qol olmayıb: “Olimpiya” - “Qarabağ” 0:2. Rəqib oyunu 10 nəfərlə başa vurub. Sona yaxın David Sualeye meydandan çıxarılıb. Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 31-i Bakıda keçiriləcək.