UEFA Çempionlar Liqasında pley-ofun ilk oyunları olub.
“Reyncers” və PSV Şotlandiyada üz-üzə gəlib. Fasilə ərəfəsində hesab açılıb. Abdulla Sima meydan sahiblərini önə çıxarıb. 2-ci yarıda daha məhsuldar mübarizə qeydə alınıb. 61-ci dəqiqədə İbrahim Sanqare tarazlığı bərpa edib. 76-cı dəqiqədə Rabbi Matondo hesabı yenidən “Reyncers”in xeyrinə dəyişib. Lakin Şotlandiya futbolçuları üstünlüyü qoruya bilməyiblər. Vaxtın bitməsinə 10 dəqiqə qalmış Lyuk De Yonq hesabı yenidən bərabərləşdirərək yekun nəticəni müəyyənləşdirib. “Reyncers” – PSV 2:2.
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Rakuv” pley-ofun ilk oyununda “Kopenhagen”i qəbul edib. Matçın taleyini 1 qol həll edib. 9-cu dəqiqədə Polşa klubunun heyətində Boqdan Rakovitsanın avtoqolu qonaqlara minimal hesablı qələbə qazandırıb.
“Antverpen” – AEK Afina qarşılaşmasında da yalnız 1 qol vurulub. 16-cı dəqiqədə Vinsent Yansen qonaqların qapısına yol tapıb. Belçika klubu 51-ci dəqiqədə Yelle Batalın meydandan çıxarılmasıyla azlıqda qalsa da, sərfəli hesabı sonadək qoruyub. Komandalar arasında cavab görüşləri avqustun 30-da olacaq.