Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək. II təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdıran Polşanın “Rakuv” klubu Danimarka təmsilçisi Kopenhageni qəbul edəcək. Çenstoxovalılar tarixində ilk dəfə pley-offda oynamaq imkanı qazansa da, “Kopenhagen” 8-ci dəfə qrup mərhələsinin bir addımlığında qərarlaşıb. Danimarka çempionu ötən mövsüm “Trabzonspor”u məğlub etməklə qitənin ən nüfuzlu turnirində 32 komanda sırasında yer almağı bacarmışdı. Xatırladaq ki, “Qarabağ” 2017/18 mövsümnündə bu mərhələdə məhz “Kopenhagen”dən üstün olmuşdu.
Mərhələnin mərkəzi görüşündə Şotlandiyanın “Qlazqo Reyncers” klubu Niderlandın PSV komandası üz-üzə gələcək. Maraqlıdır ki, bu komandalar ötən mövsüm də bu turnirin pley-offunda qarşılaşıb. Bir il əvvəl Qlazqorda keçirilən oyunda 2:2 hesabı qeydə alınmışdısa, Eyndhovendə Şotlandiya təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi. Günün digər oyununda isə 66 ildən sonra Belçika çempionu olan “Antverpen”lə AEK qarşılaşacaq. Qeyd edək ki, ötən mövsüm Belçika təmsilçisi Konfrans Liqasının bir addımlığında “Fənərbağça” ilə bacarmayaraq avrokuboklarda mübarizəyə yekun vurmuşdu. Bu dəfə Mark Van Bommelin komandası Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”sunu iki oyunun nəticəsinə görıə məğlub edən afinalıları adlamağa çalışacaq. Sabah isə “Makkabi Hayfa” – “Yanq Boyz”, “Molde” – “Qalatasaray” və “Braqa” – “Panatinaikos” görüşləri keçiriləcək. Bütün oyunlar Bakı vaxtıyla 23:00 start götürəcək.