Bu mövsüm avrokuboklarda debüt edən “Sabah” UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Partizan”ın qonağı olub.
Murad Musayevin komandası Bakıda 2:0 hesabilə qələbə qazansa da, səfərdə uğurlu nəticəni qoruya bilməyib. “Partizan” futbolçuları yarım saatın tamamında hesabı açıblar. “Neftçi”nin sabiq oyunçusu Saldanya fərqlənib. 1-ci hissə meydan sahiblərinin minimal üstünlüyü ilə yekunlaşıb. Serbiya klubu fasilədən sonra 2-ci qolu vurub. 58-ci dəqiqədə Bibras Natxo “Sabah”ın qapısına yol tapıb. 90 dəqiqədə “Partizan” 2:0 hesabilə qalib gəlib. Beləliklə qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. “Sabah” 100-cü dəqiqədə fərqi azaltmağa yaxın olub. Lakin Tellur Mütəllimovun zərbəsindən sonra qapıçı Aleksandar Yovanoviç qola imkan verməyib. “Partizan” 116-cı dəqiqədə azlıqda qalıb. Kristian Beliç 2-ci dəfə sarı vərəqəylə cəzalanaraq meydandan uzaqlaşdırılıb. Say üstünlüyü qazanan “Sabah” sonuncu dəqiqədə fərqi azaltmaq üçün daha bir imkan əldə edib. Namiq Ələsgərovun iti bucaq altında zərbəsindən sonra qapıçı Yovanoviç yenə inamlı təsir bağışlayıb. Beləliklə 120 dəqiqənin yekununda da “Partizan”ın 2:0 hesablı üstünlüyü qeydə alınıb. Penalti seriyasında Serbiya klubu 5:4 hesabilə öndə olarkən Namiq Ələsgərov topa yaxınlaşıb. Onun ilk uğursuz cəhdi zamanı qapıçı Yovanoviç vaxtından əvvəl önə çıxdığına görə zərbə təkrarlanıb. Ələsgərovun 2-ci cəhdi də uğursuz alınıb. Beləliklə “Partizan” penalti seriyasında uğur qazanaraq UEFA Konfrans Liqasının pley-ofuna vəsiqə əldə edib.