“Qarabağ” UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində ilk oyuna çıxıb.

Ağdam futbolçuları Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda HİK-i qəbul ediblər. Görüşün əvvəlində Komandamız hesabı açsa da, Marko Yankoviçin vurduğu qol oyundan kənar vəziyyətə görə qeydə alınmayıb. İlk hissə 0:0 hesabilə yekunlaşıb. Fasilədən sonra “Qarabağ” önə çıxıb. 55-ci dəqiqədə Leandro Andrade hesabı açıb. Lakin Finlandiya klubu 77-ci dəqiqədə tarazlığı bərpa edib. Meydana 2-ci hissədə daxil olan Entoni Olusanya qapını dəqiq nişan alıb. 83-cü dəqiqədə “Qarabağ”ın qapıçısı, “Rakuv”la oyundan sonra ciddi tənqidlərə məruz qalan Şahruddin Məhəmmədliyev ardıcıl 2 epizodda rəqibin fərqlənməsinə imkan verməyib. Az sonra futbolçularımız yenidən üstünlük qazanıblar. “Qarabağ”ın yeni transferi Juninyo komandamızın heyətində qol hesabını açıb. Qalan vaxtda hesab dəyişməyib. Beləliklə komandamız UEFA Avropa liqasının 3-cü təsnifat mərhələsinin ilk görüşündə HİK-i 2:1 hesabilə məğlub edib.