UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” İstanbulun “Beşiktaş” klubu ilə üz-üzə gələcək. İlk matç bu gün Bakıda keçiriləcək. Görüşdən əvvəl “Neftçi” klubunun baş məşqçisi Adrian Mutu media nümayəndələrinin önünə çıxıb. Rumıniyalı mütəxəssis qələbə qazanmaq üçün var qüvvələrini sərf edəcəklərini bildirib: “Türkiyənin ən güclü komandalarından birinə qarşı bizi çətin oyun gözləyir.Hər iki klub ölkəsinin böyük komandasıdır. Avropa arenasında bu cür görüşlərdə hər şey baş verə bilər.Güclü komanda qurmaq istəyirik. Transferlərdə gecikmələrlə yanaşı, bəxtsizliklərlə də üzləşdik. Ömər Buludov və Eddi İsrafilov zədələndilər. Oyunu buraxmalı olacaqlar. Azarkeşlərimizin bizdənçox şey gözlədiyini bilirəm. Amma vəziyyətə real baxmalıyıq. “Beşiktaş”la qarşılaşmada da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.Azarkeşlərimiz əmin ola bilərlər ki, bu matçda var gücümüzü ortaya qoyacağıq”.

“Beşiktaş” klubunun baş məşqçisi Şenol Güneş də media nümayəndələrinin önünə çıxıb. Hər iki komandanın rənglərinin ağ-qara olmasına diqqət çəkən təcrübəli türkiyəli müətəxəssis matçla bağlı fikirlərini açıqlayıb:  “Bakıda olduğumuz üçün çox xoşbəxtik. Hər iki komanda “ağ-qara”dır. Həyat bəzən belə qarşılıqlı mühit yaradır. “Neftçi” ilə əvvəllər qarşılaşmaq istəyirdik, bu dəfə qismət oldu.. Maddi durumuna və infrastrukturuna görə komandalar fərqli yerlərdə ola bilərlər. Amma qələbə meydanda qazanılır. Bu gün uğurlu olan komanda sabah uğursuzluğa düçar ola bilər və ya özündən qat-qat güclü komandaya qalib gələ bilərsən. Hər bir futbolçu ən yaxşı nəticəni istəyir. “Neftçi” qardaş ölkə komandası olsa da, sabah meydana qələbə üçün çıxacağıq”.. Azarkeşlərin matçı dostluq içində izləmələrini istəyirəm”.

Xatırladaq ki, “Neftçi” – “Beşiktaş” oyunu bu gün saat 21-də start götürəcək.