UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın potensial rəqibləri ilk görüşə çıxıb.

“Olimpiya” Lyublyana Türkiyə çempionu “Qalatasaray”ı qəbul edib. İstanbul klubu artıq 9-cu dəqiqədə önə çıxıb. Kərəm Aktürkiğlu diqqət mərkəzinə düşüb. 1-ci hissə minimal hesabla başa çatıb. “Qalatasaray” fasilədən sonra tam təşəbbüsə yiyələnərək daha 2 qol vurub. 48-ci dəqiqədə Dris Mertens komandasının 2-ci qolunun müəllifi olub. 2-ci hissəyə artırılan 1-ci dəqiqədə görüşün yekun nəticəsi müəyyənləşib. Halil Dərvişoğlu mübarizəyə nöqtə qoyub: “Olimpiya” Lyublyana – “Qalatasaray” 0:3. Beləliklə Okan Burukun komandası avqustun 15-i İstanbulda keçiriləcək cavab oyunundan əvvəl böyük üstünlük əldə edib. Xatırladaq ki, bu cütdə uduzacaq komanda UEFA Avropa Liqasının pley-ofunda “Qarabağ” – HİK cütünün potensial rəqibidir.