“Qəbələ” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Omoniya”nın qonağıdır.
Komandamız Qəbələdə 2:3 hesabilə uduzğu rəqibilə Kiprdə üz-üzə gələcək. Xatırladaq ki, ilk matçda komandamızın heyətində Əyyub Allaş dubl, qonaqlardan isə Roman Bezus het-trik müəllifi olaraq oyuna damğa vurmuşdu. “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev cavab qarşılaşmasından əvvəl jurnalistlərin suallarını cavablandırıb. O, ilk oyunda yaxşı mübarizə apardıqlarını vurğulayaraq imkanlarının aşağı olmadığını deyib: “Hamı razılaşar ki, Qəbələdə böyük əzmkarlıq nümayiş etdirdik. Hər 3 qolu standart vəziyyətdən buraxmağımız da buna sübutdur. İnanıram ki, cavab matçında daha diqqətli oynayaraq eyni səhvləri təkrarlamayacağıq. Azarkeşlərimiz yanımızda olmasa da, onları sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Asan təslim olmaq fikrində deyilik. Məqsədimiz qələbə qazanaraq 3-cü təsnifat mərhələsinə çıxmaqdır”.
Bakı vaxtilə saat 21:00-da başlanan “Omoniya” – “Qəbələ” oyunu “İdman TV”də canlı yayımlanacaq. Qarşılaşmanı isveçli referi Adam Ladebek idarə edəcək.