UEFA Konfrans Liqasında mübarizə aparan “Neftçi” “Baksell” Arenada cavab görüşünə çıxacaq.
Xatırladaq ki, “ağ-qaralar” Bosnia və Herseqovina səfərində “Jelezniçar”la 2:2 hesablı heç-heçəyə nail olmuşdu. Maralıqıdır ki, Sarayevo klubu 1-ci təsnifat mərhələsindəki “Dinamo” Minsklə qarşılaşmasını məhz Bakıda – “Azərsun” arenada keçirmiş və qələbə qazanaraq “Neftçi”yə rəqib olmuşdu. Bakıda təşkil olunan mətbuat konfransıda “Neftçi”nin baş məşqçisi Adrian Mutu ilk dəfə ölkə idman mediasının önünə çıxaraq fikirlərini bölüşüb: “Rəqibimizin necə əzmkar komanda olduğunu bilirik. Başa düşürük ki, bizi ağır matç gözləyir. Avrokuboklarda bacardığımız qədər irəliləmək arzusundayıq. Azarkeşlərimizin də dəstəyilə cavab oyununda uğur qazanmağa çalışacağıq. Onları əmin edə bilərəm ki, əlimizdən gələnin ən yaxşısını edərək qələbə üçün sonadək vuruşacağıq”.
“Baksell” Arenada keçirilən “Neftçi” – “Jelezniçar” görüşü bu gün saat 21:00-da start götürəcək. Qarşılaşmanı Balaj Berkenin başçılığı altında macarıstanlı hakimlər briqadası idarə edəcək.