“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

Ağdam futbolçuları Polşada 2:3 hesabilə uduzduqları “Rakuv”la bu dəfə Bakıda üz-üzə gəliblər. İlk hissədə gərgin mübarizə qeydə alınıb. Fasilə ərəfəsində Marko Yankoviç, 2-ci yarının əvvəlində isə Yasin Benziyanın zərbələri təhlükəli alınsa da, “Rakuv”un qapıçısı Vladan Kovaçeviç qola imkan verməyib. 51-ci dəqiqədə qonaqlar gözlənilmədən hesabı açıblar. Fran Tudorun zərbəsi qarşısıalınmaz olub. Bu qoldan sonra tam təşəbbüsə yiyələnən “Qarabağ” saatın tamamında tarazlığı bərpa edib. Polşada dubl edən Redon Cica  yenə diqqət mərkəzinə düşüb. 62-ci dəqiqədə Toral Bayramov, 74-cü dəqiqədə isə Marko Yankoviç qapıya təhlükəli zərbələr endiriblər. 1-ci epizodda yenidən Kovaçeviç, ikincidə isə qapı dirəyi qola mane olub. Qalan vaxtda “Qarabağ”ın bütün səyinə baxmayaraq, nəticə dəyişməyib. Beləliklə “Rakuv” 2 oyunun yekununa əsasən 4:3 hesabilə qələbə qazanaraq UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə əldə edib. Polşa klubu Kiprin “Aris” komandasıyla üz-üzə gələcək. “Qarabağ” isə UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə qarşılaşacaq. İlk görüş avqustun 10-u Bakıda keçiriləcək.