UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin digər oyunları da keçirilib.“Neftçi”nin potensial rəqibləri olan “Beşiktaş”la Albaniyanın “Tirana” klubu İstanbuldaüz-üzə gəlib. Artıq ilk hissədə Türkiyə təmsilçisi favorit statusunu doğruldub. 21-ci dəqiqədə Artur Masuakunun sağ cinahdan ötürməsini Onur Bulut bir toxunuşla qapıdan keçirib. Fasilə ərəfəsində Cekson Muleka uzaq küncü dəqiq nişan alaraq fərqi artırıb. İkinci hissə də “Beşiktaş”ın üstünlüyü şəraitində keçib. Buna baxmayaraq matçın sonuna 8 dəqiqə qalmış Albaniya təmsilçisi Kaina ilə buraxılan toplardan birinin əvəzini çıxıb. Oyuna əlavə olunmuş 4-cü dəqiqədə Semih Kılıcsoy yenidən fərqi artırıb: Beşiktaş – Tirana 3:1.
Yeri gəlmişkən, Musa Qurbanlının çıxış etdiyi İsveçin “Yurqorden” klubu Stokholmda İsveçrənin Lütsern komandasını qəbul edib. Millimizin hücumçusunun start heyətində meydana çıxdığı görüşdə isveçlilərin müdafiəçisi Yasper Loqfren artıq 5-ci dəqiqədə hesabı açıb. 29-cu dəqiqədə qonaqlar hesabı bərabərləşdirib. Kemal Ademi sol cinahdan ötürməni başla qapıdan keçirib. Matçın 61-ci dəqiqəsində Musa Qurbanlı əlverişli qol imkanından yararlana bilməyib. 2 dəqiqə sonra həmyerlimiz əvəzlənib. Qarşılaşmanın sonuna 8 dəqiqə qalmış Yakub Kadak qonaqları hesabda önə çıxarıb. Beləliklə də, ötən mövsüm Konfrans Liqasının 1/8 finalına yüksələn “Yurqorden” II mərhələnin ilk oyununda doğma meydanda “Lütsern”ə 1:2 hesabı ilə məğlub olaraq işini çətinə salıb.