Bu gün UEFA Konfrans Liqasında ikinci təsnifat mərhələsinə start veriləcək. Azərbaycan təmsilçilərindən “Sabah” da mərhələdə ilk oyununu keçirəcək. Murad Musayevin baş məşqçisi olduğu kollektiv Latviyada RFŞ-lə üz-üzə gələcək. Bu, paytaxt təmsilçisinin avrokuboklarda debüt oyunu olacaq. Bu qarşılaşmaya təmsilçimiz ciddi hazırlaşıb. Komandanın heyətində ciddi problem yoxdur. Lakin yeni transferlərin oyunda iştirak edib-etməyəcəyi hələlik bilinmir.
Oyundan əvvəl “Sabah”ın baş məşqçisi Murad Musayev görüş haqda fikirlərini bölüşüb: “Komanda olaraq yaxşı hazırlıq keçdik. Bütün futbolçular bu günkü oyunu gözləyir. Hazırda Latviyada çempionat davam edir. Bu rəqib üçün üstünlükdür. Lakin bunda qorxulu bir şey yoxdur. Hər şey öz əlimizədir.”
Qarşılaşma Bakı vaxtı ilə saat 20-də başlayacaq. Qeyd edək ki, tərəflər arasındakı cavab görüşü bir həftə sonra “Bank Respublika Arena”da təşkil olunacaq. Xatırladaq ki, Azərbaycanın digər Konfrans Liqası iştirakçıları - “Qəbələ” və “Neftçi” ilk matçlarını iyulun 27-də keçirəcəklər. “Qırmızı-qaralar” evdə Kiprin “Omoniya” klubunu qəbul edəcəklər, “ağ-qaralar” Bosniya və Herseqovinada “Jelezniçar”ın qonağı olacaqlar.