Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab oyunlarına start verilib. Təmsilçimiz “Qarabağ” Bakı Olimpiya Stadionunda səfərdə 2:1 hesabı ilə məğlub etdiyi Cəbəllütariqin “Linkoln” kollektivi ilə üz-üzə gələcək. Qarşılaşmadan əvvəl təşkil olunan ənənəvi mətbuat konfransında baş məşqçilər görüşlə bağlı fikirlərini bildiriblər. Əvvəlcə komandamızın baş məşqçisi Qurban Qurbanov jurnalistlər önünə çıxıb: "İlk oyun heç də asan olmadı. Komandamız optimal formasından uzaqdır. Deməzdim ki, istədiyimiz dinamikanı meydanda göstərə bilirik. Amma ümumən oyuna ciddi yanaşırıq. Meydanda yaxşı müdafiə olunan rəqiblə mübarizə olacaq. Yaxşı nəticə qazanmaq istəyirik”.
“Linkoln” kollektivini çalışdıran Xavi Munyoz isə Bakıya xüsusi planlarla gəldiklərini diqqətə çatdırıb: "Oyuna məğlub başlayacağıq. Buna baxmayaraq, komandamıza inamımız böyükdür. Ümid edirəm ki, fərqli bir şey etməyə nail olacağıq. Düzdür, səfər uzun oldu. Klub bizim üçün rahat şərait yaratmağa çalışdı. Bu amilin sabah oyunumuza təsir edəcəyini düşünmürəm. İlk oyunda qurduğumuz plan özünü doğrultdu. Hətta qələbə də qazana bilərdik. Sadəcə, qalib gələ bilməməyimizi bəxtsizlik kimi qəbul edirəm. “Qarabağ”ı yenə təəccübləndirmək üçün hər şeyi edəcəyik”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Linkoln” cavab qarşılaşması bu gün saat 20-də keçiriləcək. Görüşü Eldoryan Hamitinin rəhbərlik etdiyi albaniyalı hakimlər briqadası idarə edəcək.