UEFA Çempionlar Liqasının 2-ci yarımfinal oyununda azarkeşlər Milan derbisi izləyəcəklər. Şəhərin eyni adlı komandası San Siro arenasında “İnter”lə üz-üzə gələcək. İlk görüşdə nominal meydan sahibi “Milan” olacaq. Komandada əsas narahat edən məqam Rafael Leaonun oyuna hazır olub-olmayacağıdır. Baş məşqçi Stefano Pioli də mətbuat konfransında bu məqama toxunub. O, finala adlamaq üçün ilk matçda sərfəli nəticə əldə etməyə çalışacaqlarını dilə gətirib: “Rafael Leao-nun meydana çıxıb çıxmayacağını yalnız görüş başlayanda biləcəksiniz. Əgər o, hazır olmasa heç ehtiyat oyunçular sırasında da olmayacaq. Amma Leao güclü futbolçudur və belə bir görüşə kimi tam hazır olacağına inanırıq. Qarşılaşmaya gəldikdə, “İnter” bizə tanış rəqibdir. Belə qarşılaşmalarda komanda oyunu çox vacibdir. Bu il Çempionlar Liqasında möhtəşəm çıxış edirik. Bu uğurumuzu davam etdirmək, finala yüksəlmək üçün əvvəlcə ilk matçda sərfəli nəticə əldə etmək vacibdir. Bizi yüksək səviyyəli derbi gözləyir”.
“İnter”in baş məşqçisi Simone İnzaqi də jurnalistlərin önünə çıxıb. O da derbidə gərgin mübarizə gözlədiyini bildirib: “Bizi ən azı 180 dəqiqəlik gərgin qarşılaşma gözləyir. Bunun ilk 90 dəqiqəsi bu gün olacaq. Əsas məqsədimiz bütün ürəyimizlə bu oyuna yanaşıb, var qüvvəmizlə mübarizə aparmaqdır. Görüşə yaxşı əhval ruhiyyədə hazırlaşırıq. Komanda ruhu çox yüksəkdir. Ümumiyyətlə derbidə asan qarşılaşma olmur. Həm də nəzərə alaq ki, Milan Çempionlar Liqasında İtaliya çempionu kimi təmsil olunur. Çox diqqətli və ehtiyatlı olmalıyıq”.
Qeyd edək ki, komandalar bu mövsüm İtaliya A seriyasında hərəyə 1 qələbə əldə ediblər. “Milan” derbidə 3:2, “İnter” isə minimal hesabla qalib gəlib. İtaliya Super Kuboku uğrunda görüşdə isə “İnter” 3:0 hesablı qələbə qazanıb. Əlavə edək ki, UEFA Çempionlar Liqasında Milan klublarının yolu buna kimi 2 dəfə kəsişib və hər iki halda şəhərin eyni adlı komandası mərhələ adıayıb. 2003-cü ildə səfər qolu sayəsində finala yüksələn “Milan”, 2 il sonra rəqibini ¼ finalda mübarizədən kənarlaşdırıb. Bakı vaxtı ilə saat 23:00-də başlanacaq “Milan” – “İnter” oyununu ispaniyalı Xesus Xil Mansanonun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.