Azərbaycan çempionatının 33-cü turunda “Turan Tovuz” doğma arenada “Neftçi” ilə qarşılaşıb. Meydan sahibləri elə ilk hissədə oyunun taleyini həll ediblər. Hesabı Runi Eva açıb. Az sonra Roderik Miller qonaqları 2-ci dəfə məyus edib. Fasilə ərəfəsində Runi Eva yenidən qapını dəqiq nişan alıb. 2-ci hissədə daha bir qol vuraraq het-trik edən afrikalı forvard yekun nəticəni müəyyənləşdirib - 4:0. Ardıcıl 2-ci qələbəsini qazanan “Turan Tovuz” 35 xalla turnir cədvəlində 6-cı yerdədir. Son 4 turun 3-də uduzan “Neftçi” isə 61 xalla 3-cüdür. 77 xala malik “Sabah” 2-ci, 81 xalla “Qarabağ” 1-ci pillədədir.

“Sumqayıt”da keçirilən günün digər oyununda isə “Səbail” futbolçuları əzmkar qələbə qazanıblar. Hərçənd ki, Todor Todoroskinin vurduğu qolla 1-ci hissə meydan sahiblərinin üstünlüyü ilə bitib. Amma fasilədən sonra qonaqlar 3 dəfə fərqləniblər. 70 və 73-cü dəqiqələrdə qapını dəqiq nişan alan Matiya Lyuyiç “Səbail”i hesabda önə keçirib. Franko Mazurek isə son nöqtəni qoyub - 3:1. Qələbə sayəsində  “Şamaxı”nı 2 xal geridə qoyan “Səbail” sonuncu pillədən qurtularaq,  9-cu yerə yüksəlib. 28 xala malik “Sumqayıt” isə 8-ci yerdə qərarlaşıb.