İngiltərə premyer liqasında 28-ci turdan təxirə salınan oyunlar keçirilib.

Çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” “Vest Hem”i qəbul edib. İlk hissədə hesab açılmasa da, fasilədən sonra “Şəhərlilər” rəqibin qapısına 3 dəfə yol tapıblar. 50-ci dəqiqədə Natan Ake meydan sahiblərini önə çıxarıb. 70-ci dəqiqədə Erlinq Holand diqqət mərkəzinə düşüb. O, indiki mövsüm çempionatda vurduğu qolların sayını 35-ə çatdıraraq premyer liqada bombardirlik rekordunu yeniləyib. Vaxtilə Endi Koul və Alan Şirer 34 qol vuraraq bu rekordu müəyyənləşdirmişdi. Lakin qeyd etmək lazımdır ki, həmin dövrdə çempionatda 22 komanda mübarizə apardığına görə 42 tur keçirilirdi. “Mançester Siti” – “Vest Hem” görüşündə son nöqtəni Fil Foden qoyub - 3:0. Pep Qvardiolanın komandası bu qələbəylə zirvəyə qayıdıb. Hesabında 79 xal olan və 1 oyun az keçirən “şəhərlilər” 2-ci sıradakı “Arsenal”ı 1 xal qabaqlayır. “Vest Hem” 35 xalla 14-cü sıradadır.

28-ci turdan təxirə salınan digər matçda “Liverpul” öz meydanında “Fulhem”i minimal hesabla məğlub edib. Yeganə qolu 39-cu dəqiqədə Məhəmməd Salah penaltidən vurub. “Liverpul” hazırda 59 xalla 5-cidir. “Fulhem” 45 xalla 10-cu yerdədir.