Premyer Liqanın 34-cü turunda “Fulhem” Londonda “Mançester Siti”ni qəbul edib. Artıq 3-cü dəqiqədə qonaqlar hesabı açıblar. Penaltini dəqiq yerinə yetirən Erlinq Holand mövsümdə 34-cü qolunu vurub. Bununla da forvard Endo Koul və Alan Şirerə məxsus rekordu təkrarlayıb. 15-ci dəqiqədə Karlos Vinisius tarazlığı bərpa edib. Amma fasiləyə kimi Xulian Alvarez fərqlənərək şəhərlilərə 2:1 hesablı qələbə qazandırıb. Ardıcıl 8-ci qalibiyyətini əldə edən “Mançester Siti” “Arsenal”ı 1 xal geridə qoyaraq liderliyə yüksəlib.

İlk 4-lükdə qərarlaşan “Mançester Yunated” və “Nyukasl” da azarkeşlərini qələbə ilə sevindirib. Mankunyanlar “Aston Villa”ya Bruno Fernandeşin vurduğu yeganə qolla qalib gəliblər. “Nyukasl” isə “Sauthemton”u 3:1 hesabı ilə məğlub edib.

Turun ən məhsuldar və gərgin görüşü “Liverpul” – “Tottenhem” matçı olub. Mersisaydlılar 15 dəqiqə ərzində 3 qol vurmağa nail olublar. Kyörtis Consun 3-cü dəqiqədə hesabı açıb. 2 dəqiqədən sonra Luis Dias hesabı artırıb. 15-ci dəqiqədə isə Məhəmməd Salah penalidən hesabı 3:0 edib. Çoxları meydan sahiblərindən darmağın gözlədiyi halda, qonaqların əzmkarlığı matça damğasını vurub. Fasiləyə kimi Harri Keyn buraxılan toplardan birinin əvəzini çıxıb. Premyer liqada 208-ci qolunu vuran forvard bu göstəricidə Ueyn Runiyə çatıb. İndi o, yalnız 260 qolla rekordçu olan Alan Şirerdən geri qalır. 77-ci dəqiqədə Son Hın Min qonaqları ümidləndirib. 2-ci hissəyə artırılan 3-cü dəqiqədə isə Rişarlison tarazlığı bərpa edib. Amma  meydan sahibləri dərhal bunun cavabını veriblər. Dieqo Jota 7 qolun vurulduğu dramatik oyunda “Liverpul”a 4:3 hesablı qələbə qazandırıb. Bununala da komanda turnir cədvəlində “Tottenhem”i 2 xal geridə qoyaraq, 5-ci pilləyə yüksəlib.