Мilli Basketbol Assosiasiyasında Şərq Konfransının yarımfinalçıları müəyyənləşib.
“Mayami Hit”, “Nyu-York Niks” və “Filadelfiya Seventi Siksers”dən sonra “Boston Seltiks” də ¼ final mərhələsini uğurla adlayıb. Co Mazullanın komandası seriyanın 6-cı oyununda səfərdə “Atlanta Houks”la qarşılaşıb. İlk hissə bərabər mübarizə şəraitində keçib. Fasilədən sonra meydan sahibləri təşəbbüsü ələ alıbLAR. Görüşün son bölümündə isə “Seltiks”in hücumlarının kəsəri artıb. Nəticədə “Atlanta”nı 128:120 hesabıyla məğlub edən “Boston” seriyada hesabı 4:2-yə çatdırıb. Bostonluların qələbəsində 32 xal toplayan Ceylen Braunla 30 xal və 14 ribaundla yadda qalan Ceyson Teytum böyük rol oynayıb. “Atlanta”nın heyətində 30 xal və 10 ötürmə ilə yadda qalan Trey Yanqın əziyyəti isə bəhrə verməyib. Beləliklə də, Şərq konfransının yarımfinalında “Boston” “Filadelfiya” ilə qarşılaşacaq. Digər yarımfinal seriyasında isə “Mayami” ilə “Nyu-York” üz-üzə gələcək.