İngiltərə Premyer Liqasında 33-cü turun görüşləri olub.

Prinsipial qarşılaşma Mançester şəhərində keçirilib. Son həftələrdə lider “Arsenal”ın xal itirməsindən məharətlə yararlanan “Siti” futbolçuları “Arsenal” ilə oyunda da rəqibinin bütün imkanlarını minimuma endirib. “Etihad” stadionunda keçirilən görüşdə hesab 7-ci dəqiqədə açılıb. Kevin De Brüyne yerli azarkeşləri sevindirib. Fasilə ərəfəsində “topçular” ikinci dəfə meydanın mərkəzinə dəvət olunublar. Cons Stons fərqi iki topa çatdırıb. 54-cü dəqiqədə De Brüyne dublunu rəsmiləşdirərək hesabı 3:0-a çatdırıb. Görüşün sonlarında Rob Holdinq buraxılan toplardan birinin əvəzini çıxsa da bu, heç nəyi dəyişməyib. Əsas vaxta artırılan dəqiqələrdə çempionatın ən sərrast futbolçusu Erlinq Haland dəqiq zərbə ilə mübarizəyə nöqtə qoyub. “Mançester Siti” – “Arsenal” 4:1. Bununla da, xallarının sayını 73-ə çatdıran və ehtiyatda hələ iki oyunu qalan “Mançester Siti” ikinci pillədəki mövqeyini qoruyub. “Şəhərlilər” lider “Arsenal”ın iki xal gerisindədir. 4 oyundur xal itirən “topçular” isə 75 xalla hələlik liderdir.