İtaliya A seriyasında 31-ci tur yekunlaşıb. Sonuncu oyunda “Atalanta” və “Roma” komandaları üz-üzə gəlib. Görüşə qonaqlar güclü hücumlarla başlasalar da, hissənin sonuna yaxın Canpyero Qasperininin komandası hesabı açıb. Mario Paşaliç diqqət mərkəzinə düşüb. Fasilədən sonra azarkeşlər daha 3 qol görüblər. 74-cü dəqiqədə Rafael Toloi meydan sahiblərinin üstünlüyünü möhkəmlədib. Vaxtın bitməsinə 7 dəqiqə qalmış Lorentso Pelleqrinin  fərqi minimuma endirsə də, çox keçmədən Tyon Kopmeyners hesabı 3:1 edərək “Atalanta”nın qələbəsini təmin edib. Berqamo klubu 2 oyundan sonra qalib gələrək xallarının sayını 52-ə çatdırıb. Komanda hazırda 7-cidir. Ardıcıl 3 qələbədən sonra uduzan “Roma” isə 56 xalla 5-cidir. İtaliya A seriyasında “Napoli” 78 xalla çempionluğa doğru inamla irəliləyir. “Latsio” 61 xalla 2-ci, “Yuventus” 59 xalla 3-cüdür.