Milli Basketbol Assosiasiyasında pley-off mərhələsinin oyunları davam edir. Qərb Konfransının ¼ finalının ilk oyununda “Los Anceles Leykers” səfərdə “Memfis Qrizzlis”lə qarşılaşıb. Kaliforniyalılar oyunun əvvəlində daha inamlı təsir bağışlasa da, fasiləyə qədər memfislilər vəziyyəti xeyrinə dəyişib. İkinci hissə isə tamamilə “Leykers”in üstünlüyü şəraitində keçib. Xüsusən də 29 xal toplayan “Leykers”in forvardı Rui Xatimura komandasının meydanda dominantlıq etməsində böyük pay sahibi olub. Yeri gəlmişkən, yaponiyalı basketbolçu 1996-cı ildə Los Anceles klubunun əfsanəsi Mecik Consonun nəticəsini təkrarlayıb. O, pley-off mərhələsində start heyətində meydana çıxmadığı halda komandasının ən məhsuldar oyunçusu kimi diqqət mərkəzinə düşüb. Xatimura ilə yanaşı, 23 xal toplayan Ostin Rivz, meydanı 22 xal 12 ribaundla tərk edən Entoni Devis və 21 xal yığan Lebron Ceyms də qələbəyə öz töhfəsini verib. Beləliklə də, “Memfis”i səfərdə 128:112 hesabıyla məğlub edən “Leykers”seriyada önə keçib.
Günün ən gözlənilməz nəticəsi “Fiserv Forum”da qeydə alınıb. Şərq konfransının qalibi olan “Miluoki Baks” doğma meydanda “Mayami Hit”lə bacarmayıb. Artıq ilk hissədə floridalıların ciddi təzyiqi ilə üzləşən viskonsinlilər fasiləyə 13 xal fərqilə geridə yollanıb. İkinci bölümdə zədələndikdən sonra meydana qayıtmayan Yannis Adetokumbonun matçın sonuna qədər kənarda qalması “Miluoki”nin çıxışına mənfi təsir göstərib. Nəticədə “Mayami” ikinci hissədə üstünlüyünü qoruya bilib: Miluoki – Mayami 117:130. “Finiks Sanz” – “Los Anceles Klippers” oyununda qonaqlar 115:110 hesabıyla qalib gəlib. “Klippers”in heyətində 38 xal toplayan Kavay Leonard komandasının seriyada önə keçməsində böyük pay sahibi olub.