UEFA Çempionlar Liqasının 1/4 finalında hazırkı İtaliya çempionu “Milan” San Siroda A seriyasının lideri “Napoli”ni qəbul edəcək.10 gün əvvəl ölkə çempionatında “Milan”ın səfərdə “Napoli”yə 4:0 hesabı ilə qalib gəlməsi, matçın prinsipiallığını daha da artırıb. Milan təmsilçisinin baş məşqçisi Stefano Pioli mətbuat konfransında, bu oyunu xatırlayaraq, Çempionlar Liqasının tam başqa turnir olduğunu dilə gətirib: “Çempionlar Liqası tam başqa turnirdir. Burdakı əhval ruhuyyə fərqlidir. A seriyasında qazandığımız 4:0 hesablı qələbə bizi arxayınlaşdırmır. Həmin oyunu bizim təhlil etdiyimiz ki, rəqib də səhvlərindən dərs çıxarıb. Düzdür, qələbə komandada özünə əminliyi artırıb. Amma nəzərə alaq ki, cütün taleyi 2 oyunda həll olunacaq. Mərhələ adlamaq üçün azarkeşlərimiz önündə sərfəli nəticə əldə etməliyik. “Napoli” hazırda nəinki İtaliyanın, eləcə də Avropanın güclü kollektivlərindən biri hesab olunur”.
“Napoli”nin baş məşqçisi Luçano Spalletti də görüşlə bağlı fikirlərini açıqlayıb. O, “Milan”la qarşılaşmaların çox çətin keçəcəyini bildirib: “Çoxları püşkatmadan sonra “Milan”ı zəif rəqib adlandırırdı. Amma Neapolda onların qazandığı qələbə bunun belə olmadığını göstərdi. Həmin qarşılaşmadan da əvvəl “Milan”ın güclü bir komanda olduğunu dilə gətirmişdim. Ümumiyyətlə, Çempionlar Liqasında zəif rəqib anlayışı yoxdur. Bütün komandalar var qüvvələrini ortaya qoyurlar. "Milan"a məğlubiyyətdən sonra A seriyasının son turunda qalib gəlməyimiz futbolçularda özünə əminliyi artırıb. Bizi Milanda İtaliyanın ən güclü 2 komandasının gərgin mübarizəsi gözləyir”.
Qeyd edək ki, “Milan” – “Napoli” oyunu Bakı vaxtı ilə saat 23:00-də başlanır. Qarşılaşmanı rumıniyalı İştvan Kovaçın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.