UEFA Çempionlar Liqasının hazırki qalibi “Real Madrid” 1/4  finalda “Çelsi” ilə üz-üzə gələcək. İlk oyun İspaniyanin paytaxtında, Santyaqo Bernabeu arenasında olacaq.  Xatırladaq ki, ötən il də bu komandalar 1/4 finalda üz-üzə gəlmişdilər. Londondakı ilk görüşdə 3:1 hesablı qələbə qazanan “Kral Klubu” doğma arenada az qala azarkeşlərini məyus edəcəkdi. Britaniyalılar 3:0 hesabı ilə önə keçsələr də, əsas vaxtda Rodriqo, əlavə vaxtda isə Benzema fərqlənərək cütün taleyini həll etmişdilər. Mətbuat konfransında Madrid klubunun baş məşqçisi Karlo Ançelotti həmin qarşılaşmadan dərs çıxardıqlarını bildirib. O, həmçinin “Çelsi”nin baş məşqçisi Frenk Lempard haqda da danışıb: “Ötən ilki qarşılaşmanı çox yaxşı xatırlayırıq. Belə oyunlar göstərir ki, bir an belə arxayınlaşmaq olmaz. “Çelsi”yə Frenk Lempardın baş məşqçi təyin olunması, futbolçularda ruh yüksəkliyini artırıb. Düzdür, yaşlarımızı müqayisə etsək mənim təcrübəm ondan 20 il artıqdır. Amma belə qarşılaşmalarda bəzən təcrübə kifayət etmir. Lempard möhtəşəm futbolçu olub. O, çox peşekardır. Düşünürəm ki, London klubunda məşqçi kimi də uğur qazana bilər. Bugünki görüşə gəldikdə isə, bizi gərgin oyunun gözlədiyini deyə bilərəm. Artıq ardıcıl  3-cü mövsümdür ki, “Çelsi” ilə yollarımız kəsişir və bundan əvvəlki matçların necə gərgin keçdiyi xatirələrdədir”.

“Çelsi”nin baş məşqçisi Frenk Lempard da media nümayəndələrinin önünə çıxıb. O, “Kral Klubu”ndan çəkinmədiklərini və titul uğrunda sonadək mübarizə aparacaqlarını dilə gətirib: “Görüşün favoritinin Real Madrid olması təbiidir. Amma bu bizi qorxutmur. Son illər bu komandaların aralarındakı oyunlara nəzər salsaq, heç birində “Çelsi” zəif təsir bağışlamayıb. Ümumiyyətlə, klubun son 3 ildə avrokuboklarda kifayət qədər uğurlu çıxış etdiyini gormək olar. Sakitliyimizi və özünə əminliyimizi qoruyuruq. “Real Madrid”lə görüşlərdə uğur qazanmaq üçün bunlar vacib amillərdir. Rəqibimiz hazırki çempiondur və fantastik bir komandadır. Bizim də əsas məqsədimiz uğura doğru addım addım irəliləməkdir”.

Xatırladaq ki, hər iki komanda ötən həftəni məğlub başa vurub. Real Madrid La Liqada doğma arenada “Vilyarreal”a 2:3 hesabı ilə uduzub. “Çelsi” isə Premyer Liqada səfərdə “Vulverhemton”a minimal hesabla boyun eyib. Bu gecə keçiriləcək, “Real Madrid” – “Çelsi” oyunu Bakı vaxtı ilə saat 23:00-də start götürəcək. Görüşü fransalı Fransua Leteksyenin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.