Türkiyə çempionatında 28-ci turun oyunları keçirilir.
Çempionluğa iddialı “Fənərbağça” səfərdə İstanbul şəhərini təmsil edən digər komanda “Fatih Karagümrük” ilə üz-üzə gəlib. Qarşılaşmaya sürətli hücumlarla başlayan qonaqlar 4-cü dəqiqədə rəqib qapısına yol tapıblar. Uillian Arao çərçivəni dəqiq nişan alsa da VAR-dan gələn qərara əsasən qol qeydə alınmayıb. İlk yarının ortalarında Maqomed Ozdoyev “Fatih Karagümrük” kollektivini hesabda irəli çıxarıb. Fasilədən sonra bərabərlik təmin olunub. Miha Zayts uzaqdan qüvvətli zərbə ilə “9-luğ”u nişan alıb. Çox keçmədən “Fənərbağça” qələbə qolunu vurmağa müvəffəq olub. Arda Gülərin ötürməsini Atilla Szalai qolla tamamlayıb. “Fatih Karagümrük” – “Fənərbağça”- 1:2. Bu nəticə ilə xallarının sayını 57-yə çatdıran “Fənərbağça” bir pillə irəliləyərək ikinci yerdə qərarlaşıb. Komanda lider “Qalatasaray”dan 6 xal geridədir.