Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin görüşlərinə start veriləcək. Ən prinsipial görüşlərdən biri “Mançester Siti” və “Bayern” Münxen komandaları arasında olacaq.
Görüşdən əvvəl təşkil olunan ənənəvi mətbuat konfransında baş məşqçilər matçla bağlı fikirlərini bölüşüblər. “Mançester Siti”ni çalışdıran Pep Qvardiola daha arxayın fikirlərlə diqqət çəkib: “Əgər azarkeş olsaydım, Çempionlar Liqasının bu mərhələsində və belə komandaların görüşü üçün saniyələri belə sayardım. Bəli, bütün dünyanın gözü bizdə olacaq. Bunu bilmək belə adama əlavə həyəcan bəxş edir. Futbol zövq oyunudur. Güclü komandaların qarşılaşması unudulmaz olur. Rəqib komandadakı həmkarımın təyinatı yenidir. Onunla uzun zamandır İngiltərədə görüşmürük. Hər iki komandaya uğurlar arzulayıram.”
“Bayern Münxen"ə yeni təyin olunan Tomas Tuxel isə ehtiyatlı fikirlər bildirib:“Komandaya gələn gündən azarkeşlərin məndən gözləntisi böyükdür. Təbii ki, bu anlaşılandır. Uğurlu nəticələr, kuboklar istəyirlər. Əlbəttə, bunu kim istəməz k? Amma bura Çempionlar Liqasıdır. Rəqiblər təhlükəlidir. Rəqibimiz son oyunlarda məğlubiyyət nədir bilmir. Biz öz gücümüzü səfərbər etməli və qələbə qazanmalıyıq.”
Qeyd edək ki, “Mançester Siti” – “Bayern Münxen" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-də başlanacaq. Qarşılaşmanı Xesus Xil Mansanonun rəhbərlik etdiyi ispaniyalı hakimlər briqadası idarə edəcək.