İngiltərə Premyer Liqasının 30-cu turuna “Liverpul” – “Arsenal” oyunu ilə yekun vurulub.

“Enfild”də keçirilən qarşılaşmaya qonaqlar daha yaxşı başlayıblar. Artıq 8-ci dəqiqədə Qabriel Martinelli hesabı açıb. 20 dəqiqə sonraq qonaqlar 2-ci qolu vurublar. Bu dəfə “Arsenal”ın digər braziliyalı forvardı Qabriel Jesus qapını dəqiq nişan alıb. Məhsuldar ötürməni isə Martinelli edib. Fasiləyə yaxın meydan sahibləri buraxılan toplardan birinin  əvəzini çıxıblar. Məhəmməd Salah yerli azarkeşləri ümidləndirib. 2-ci hissənin əvvəlində misirli futbolçu yenidən diqqət mərkəzinə düşüb. Bu dəfə o, penaltidən yararlana bilməyib. Buna baxmayaraq, mersisaydlılar oyunun sonunda məğlubiyyətdən xilas olublar. Roberto Firminyo yekun nəticəni müəyyənləşdirib - 2:2. Ardıcıl 7 qələbədən sonra xal itirən “Arsenal” 73 xalla Premyer Liqaya başçılıq edir.  London klubu ən yaxın izləyicisi “Mançester Siti”ni 6 xal qabaqlayır. Amma şəhərlilərin ehtiyatda 1 oyunu var. Artıq 4 turdur qələbə qazana bilməyən “Liverpul” isə 44 xalla 8-ci pillədə qərarlaşıb.