Basketbol üzrə Avroliqada 33-cü tura start verilib. Çempion “Anadolu Efes” İstanbul derbisində “Fənərbağça” ilə üz-üzə gəlib. İlk 3 bölümdə hesabda geri olmasına baxmayaraq, əzmkar oyun göstərən Ergin Atamanın komandası son 10 dəqiqəlik hissədə müdafiədə istədiyi kimi çıxış edə bilməyib. Beləliklə səfərdə “Fənərbağça”ya 86:103 hesabıyla məğlub olan “Anadolu Efes” pley-offa vəsiqə qazanmaq imkanından məhrum olub.
Elə İspaniyanın “Valensiya” klubu da 1/4 finala çıxa bilməyib. Doğma meydanda “Virtus Bolonya”nı qəbul edən “Yarasalar” 79:68 hesabıyla qalib gəlsə də, bu, heç nəyi dəyişməyib.
Əvəzində səfərdə “Jalgiris”ə 67:68 hesabıyla məğlub olan Təl-Əviv “Makkabi”si ən yaxşı 8 komanda sırasına daxil olub. Belə ki, şəxsi oyunlarda Kaunas basketbolçularından üstün olan İsrail klubu son turun nəticəsindən asılı olmayaraq pley-ofa çıxıb.
Çemponatın lideri “Olimpiakos” Belqradda “Srvena Zvezda” ilə bacarmayıb. Yunaınstan klubu İlk hissədə meydanda dominantlıq etsə də, fasilədən sonra rəqibinin ciddi təzyiqi ilə üzləşib: Srvena Zvezda – Olimpiakos 87:79. “Olimpiakos”un məğlubiyyətindən yararlanan “Real Madrid” “Bayern Münxen”i 79:67 hesabıyla məğlub edərək sona bir tur qalmış yenidən zirvəyə şərik olub. Pley-off şansını davam etdirən “Baskoniya” isə doğma meydanda 120:100 hesabıyla “Asbel Lion”dan üstün olub.