İngiltərə Premyer Liqasının 29-cu turunda Liverpul şəhərini təmsil edən “Everton” yüksək pillələr uğrunda yarışan “Tottenhem” ilə üz-üzə gəlib.

“Qudison Park” stadionunda keçirilən görüşdə ilk hissə əsasən qarşılıqlı hücumlar şəraitində keçib. Lakin tərəflərin səyləri nəticəsiz qalıb. Fasilədən sonra meydan sahibləri uğursuzluqla üzləşib. Belə ki, “Everton”un yarımmüdafiəçisi Abdulay Dukure birbaşa qırmızı vərəqə ilə cəzalanaraq meydandan kənarlaşdırılıb. Say üstünlüyü qazanan qonaqlar 10 dəqiqə sonra hesabı açıblar. Harri Keyn penaltini dəqiq yerinə yetirərək mövsüm ərzindəki qollarının sayını 22-ə çatdırıb. Qarşılaşmanın sonlarında Kristian Stellinin komandası da cəzalanıb. Lukas Mura kobud oyuna görə meydandan çıxarılıb. Az sonra bərabərlik təmin olunub. Maykl Kin mübarizəyə nöqtə qoyub: “Everton” – “Tottenhem” 1:1. Bu nəticə ilə “Tottenhem” turnir cədvəlindəki xallarının sayını 50-yə çatdıraraq “Nyukasl” və “Mançester Yunayted”lə birgə 3-5-ci pillələri bölüşür. “Everton” isə 27 xalla “Vest Hem”, “Nottingem Forest” və “Bornmut”la birlikdə autsayderlər qrupunun 1 addımlığındadır.