Azərbaycan çempionatının 28-ci turunda lider “Qarabağ” Şamaxıda yerli komandanın qonağı olub. Görüşün taleyini 1 qol həll edib. Elvin Cəfərquliyev Ağdam klubuna minimal hesablı qələbə qazandırıb. Ardıcıl 3-cü məğlubiyyəti ilə üzləşən “Şamaxı” autsayder “Səbail”i 2 xal qabaqlayaraq 9-cu yerdə qərarlaşıb. Ardıcıl 4-cü görüşündə qalib gələn “Qarabağ” isə 74 xalla zirvədədir.
Liderin ən yaxın izləyicisi, 9 xal geri qalan “Sabah” da ardıcıl 4-cü qələbəsini əldə edib. Komanda “Qəbələ” ilə oyunda əzmkarlıq nümayiş etdirib. Halbuki 9-cu dəqiqədə İlkin Qırtımovun avtoqolu “Sabah”ın hesabı açması ilə nəticələnib. Amma fasiləyə kimi qonaqlar vəziyyəti xeyirlərinə dəyişə biliblər. 21-ci dəqiqədə Ülvi İsgəndərov tarazlığı bərpa edib. Az sonra Feras Abu Akal “Qəbələ”ni hesabda önə keçirib. Fasiləyə üstünlüklə yollanan qonaqlar görüşün sonunda bunu əldən veriblər. 86-cı dəqiqədə Coy Lens Mikel hesabı bərabərləşdirib. 2-ci hissəyə artırılan 5-ci dəqiqədə isə Aleksey Kaşuk “Sabah”ın qələbə qolunu vurub - 3:2. Bununla da ilk “3-lük”dəki yerini təmin edən “Sabah” tarixində ilk dəfə avrokuboklarda oynamaq imkanı qazanıb. Qeyd edək ki, mövsümdə 10-cu dəfə uduzan “Qəbələ” 36 xalla turnir cədvəlində 5-ci yerdədir.