Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında oyunlar davam edir. Şərq konfransının liderlərindən olan “Miluoki Baks” doğma meydanda mövsümün iddialı komandalarından olan “Finiks Sanz”ı qəbul edib. İlk hissə meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Fasilədən sonra arizonalılar təşəbbüsü ələ alıb. Amma son bölümdə yenidən oyuna nəzarətini əlinə keçirən viskonsinlilər üstünlüyünü qoruya bilib. Beləliklə də “Finiks”i 104:101 hesabıyla mığlub edən “Miluoki” ardıcıl 14-cü qələbəsini qazanıb.
“Dallas”la “Leykers” arasındakı görüş daha dramatik mübarizə şəraitində keçib. Oyunun gedişində 27 xal fərqi ilə geridə olan los anceleslilər çətin vəziyyətdən çıxa bilib. “Leykers”in qələbəsində 30 xal və 15 ribaundla yadda qalan Entoni Devislə 26 xal yığan Lebron Ceyms böyük pay sahibi olub: Dallas – Leykers 108:111. Hazırkı çempion “Qolden Steyt” də “Minnesota” ilə oyunda çətinliklə üzləşib. İlk hissədə bölümdə rəqibinin ciddi təzyiqi ilə üzləşən kaliforniyalılar fasiləyə qədər hesabda önə keçsə də, ikinci hissənin əvvəlində də eyni aqibətlə üzləşib. Amma son bölümdə yenidən toparlanan Stiv Kerrin komandası yenidən vəziyyəti xeyrinə dəyişib: Qolden Steyt – Minnesota 109:104.