UEFA Çempionlar Liqasında 1/8 finalın daha bir oyunu Almaniyada keçiriləcək. “Leypsiq” azarkeşləri önündə “Mançester Siti” ilə qarşılaşacaq. Komandalar indiyə qədər 2 dəfə üz-üzə gəlib. Bu oyunlarda komandalar hərəyə 1 qələbə qazanıb. “Siti”nin heyətində Kevin de Brüyne, Benjamin Mendi, Con Stons və Emerik Laport bu görüşdə iştirak etməyəcəklər. “Mançester Siti”nin çalışdırıcısı Pep Quardiola jurnalistlərə açıqlamasında rəqibin üstün cəhətlərini vurğulayıb: Bizi olduqca çətin iki oyun gözləyir. “Leypsiq” rəhbərliyi qısa müddət ərzində çox böyük işlər görərək komandanı yüksək səviyyəyə çıxarıb. Daha əvvəlki qarşılaşmalarımzda mərhələni biz keçsək də “Leypsiq”in təzyiqi inanılmaz idi. İlk oyunda hisslərimizi cilovlayıb yaxşı oyun göstərməyə çalışacağıq”.
“Leypsiq” isə Abdu Dialo, Peter Qulaçi və Dani Olmonun xidmətindən yararlana bilməyəcək. “Leypsiq”in baş məşqçisi Marko Roze ehtiyyatlı açıqlamarla diqqət çəkib: “Qarşımızda çox çətin vəzifə var. “Siti”nin əsas silahlarından biri heç şübhəsiz Erlinq Holanddır. O, Quardiolanın rəhbərliyi ilə daha da inkişaf edib və demək olar ki, heç bir fürsəti qaçırmır. Meydanın hər mövqeyi uörunda mübarizə aparmalıyıq. Nəticədən asılı olmayaraq, oyunçulara inanıram. İlk görüşü öz meydanımızda keçirmək üstünlük sayıla bilər. Azarkeşlərimiz məyus etməməyə çalışacağıq.
Qeyd edək ki, “Leypsiq” – “Mançester Siti” matçı bu gün gecə yarısı başlanacaq. Görüşü niderlandlı Serdar Gözübüyük idarə edəcək.