İspaniya La Liqasında 22-ci turun son oyunu “Kolizium Alfonso Peres” Stadionunda keçirilib.
Xetafe şəhərinin eyniadlı komandası autsayder “Valensiya” ilə üz-üzə gəlib. İlk hissədə tərəflər təhlükəli hücumlarla yadda qalsa da səyləri nəticə verməyib. Fasilədən sonra irəli atılan meydan sahibləri görüşün sonlarında istəyinə nail olub. Omar Alderetenin ötürməsindən sonra Borxa Mayoral topu qapıdan keçirib. Qoldan sonra “yarasalar” bərabərlik uğrunda mübarizə aparsa da “Xetafe” futbolçuları rəqibin müqavimətinin qarşısını ustalıqla alıb. Beləliklə, görüş minimal hesabla başa çatıb. “Xetafe” – “Valensiya” 1:0. Bununla da, autsayderlər qrupunda qərarlaşan “Xetafe” növbəti 3 xalı aktivinə yazdıraraq 22 xalla düşmə zonasından uzaqlaşıb. Rəqibindən 2 xal geri qalan “Valensiya” isə 19-cudur. Çempionata 59 xalı olan “Barselona” başçılıq edir.