UEFA Çempionlar Liqasında 1/8 finalın oyunları davam edir. Mərhələsnin böyük maraq doğuran qarşılaşmalarından biri Almaniyada olacaq. Frankfurt şəhərində UEFA Avropa liqasının qalibi “Ayntraxt” komandası ilə İtaliya çempionatının lideri “Napoli” üz-üzə gələcək. Bəzi mütəxəssislər hazırda əla formada olan Neapol futbolçuları A seriyasından əlavə Çempionlar Liqasının da favoriti kimi qiymətləndirirlər. Lakin baş məşqçi Luçano Spalletti bu fikirlərlə tam razı deyil: Çempionlar Liqası təkcə azarkeşlər üçün deyil, baş məşqçilər, futbolçular üçün də əsl bayramdır. Əhvali-ruhiyyə yüksək səviyyədədir. Bizi bütün yarışlarda favorit kimi qiymətləndirən jurnalistləri isə anlamıram. Eyni şəxslər “Napoli”nin çempionatda ilk 4-lüyə düşmək üçün mübarizə aparacağını deyirdi. Çempionlar Liqasından isə ümumiyyətlə danışmıram. Ötən mövsüm Avropa Liqasında qızıl medala yiyələnərək böyük təcrübə toplayan komandaya qarşı oynayacağıq. Bizə İtaliya çempionatında uğur qazandıran üstün keyfiyyətlərimizi “Ayntraxt”a qarşı da nümayiş etdirib qalib gəlməyə çalışacaq”.
Frankfurt klubuna rəhbərlik edən Oliver Qlazner isə rəqibin gücündən söz açıb: “Napoli” təkcə Osimhen və Kvaratsxeliyadan təşkil olunmayıb. Neapol futbolçuları komanda şəklində inamlı təsir bağışlayırlar. İlk matçı öz meydanımızda keçirsək də, işimiz çox çətin olacaq. Sərfəli nəticə qazanmaq üçün bacardığımız qədər keyfiyyətli oyun göstərməli, rəqibin zəif cəhətlərimizi üzə çıxarmasına imkan verməməliyik. Gücümüzə inanırıq. Ümid edirəm ki, azarkeşlərimizi sevindirəcəyik.
“Ayntraxt” Frankfurt – “Napoli” oyununu Artur Suareş Diaşın rəhbərliyi altında portuqaliyalı hakimlər briqadası idarə edəcək. Görüş Bakı vaxtilə gecə yarısı başlanacaq.