“Qarabağ” Konfrans Liqasının 16/1 final mərhələsində mübarizəyə başlayır.

Komandamız Belçikanın “Gent” klubu ilk oyunu Bakıda keçirəcək. Ağdam təmsilçisi qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Əsas itki qapı xətti ilə bağlıdır. Şahruddin Məhəmmədəliyevin zədəli olduğundan çərçivəni gənc Amin Ramazanovun qoruyacağı gözlənilir. Bundan başqa uzun müddətə sıradan çıxan Abbas Hüseynov da oyunu buraxmalı olacaq. Komandanı tərk edən Kadi və Ovusu Kvabena da hücum xəttindəki problemləri artırıb. Bununla belə baş məşqçi Qurban Qurbanov görüş öncəsi nikbin danışıb: "Doğma meydanda çıxış edəcəyik. Azarkeş baxımından üstünlük bizdə olacaq. Böyük problemimiz yoxdur. Sadəcə, komanda tam istədiyim kimi deyil. Qarşıdakı oyunlarda daha yaxşı "Qarabağ" gözləyirəm. Buna nail olacağımıza inanıram".

Rəqib “Gent” klubu da Bakıya itkilərlə gəlib.  Komandanın əsas hücumçusu Darko Lemayiç zədəli olduğu üçün "Qarabağ"la hər iki oyunu buraxacaq. Bundan başqa müdafiəçi Kamil Pyontkovski ilk oyunda komandasına kömək edə bilməyəcək. Baş məşqçi Heyn Vanhazebrukun “Qarabağ”ın ciddi rəqib olduğunu desə də, paytaxtımıza sərfəli nəticə üçün gəldiklərini deyib:“Qarabağ”ın gücündən danışmağa dəyməz. Bu mövsüm Polşa, İsveçrə və Macarıstan çempionlarını mübarizədən kənarlaşdırıblar. Avrokuboklarda böyük təcrübəsi var. Böyük yol qət etməyimizə baxmayartaq burada sərfəli nəticə qazanmağı düşünürük. Bunu edə bilsək təkrar oyun üçün yaxşı zəmin hazırlayaraq”.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21-45-də başlayacaq. Görüşü isveçli hakim Məhəmməd Al-Hakim idarə edəcək.